Wn/az/Qəddafinin oğlu və üç nəvəsi öldürülüb

< Wn | az
Wn > az > Qəddafinin oğlu və üç nəvəsi öldürülüb


3 may 2011, Çərşənbə axşamı

Liviya hökuməti bildirib ki, Qəddafinin oğlu və üç nəvəsi NATO təyyarələrinin Tripoli (Trablos) üzərinə növbəti zərbələri nəticəsində öldürülüblər.

Hökumət sözçüsü əlavə edib ki, Müəmmər Qəddafinin özü həmin vaxt oğlu Saif əl-Ərəbin evində olsa da, xəsarət almayıb.

Öz növbəsində NATO bildirib ki, təyyarələri komandanlıq mərkəzini nişan alıb və insan itkilərindən təəssüflənir.

BBC müxbiri bildirir ki, bu dəfə də cəsədlər göstərilməyib və sadəcə olaraq hökumətin rəsmən yaydığı məlumatla kifayətlənmək lazım gəlir.

Burası bəllidir ki, hava zərbəsinə yaşayış məntəqəsi məruz qalıb.

Təhlükəsizlik sistemləri və ətrafının hündür beton hasarla əhatələnməsi buradakı villalar kompleksinin çox mühüm şəxsə aid olduğundan xəbər verir.

Bu artıq ikinci dəfədir ki, Qəddafi ölkəsi ilə münaqişədə övladını itirir.

1986-cı ildə onun qızlığı Amerika qüvvələrinin hava zərbələri zamanı həlak olmuşdu.

Liviya (Libi) hökumətinin sözçüsü Musa İbrahim deyib ki, bu, Qərb qüvvələrinin “rəhbər qardaşı və onun ailəsini hədəflədiyini nümayiş etdirir”.

Nadir hallarda olduğu kimi NATO hücumdan bir neçə saat sonra bəyanatla çıxış edib və ayrı-ayrı fərdləri hədəfləmədiyini vurğulayıb.

Artıq bir xeyli vaxtdır ki, Rusiya və Çin NATO-nun BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) 1973 nömrəli qətnaməsinin səlahiyyətlərini aşmasından narahatlıq ifadə edirlər.

Musa İbrahim vurğulayıb ki, zərbələr zamanı Müəmmər Qəddafi arvadı ilə orada olub, lakin sağ çıxıb, hərçənd bir-birinin ardınca edilmiş üç güclü raket zərbəsinin törətdiyi dağıntı o qədər böyükdür ki, buradan kiminsə sağ çıxdığına inanmaq olmur.

Bəzi təhlilçilər bildirirlər ki, raket zərbələri təsadüfi deyil və NATO Qəddafini və onun ailəsini tamamilə legitim (məşru) hədəf hesab edir.

Rusiya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib ki, raket zərbələri sui-qəsd kimi qiymətləndirilə bilər.

O deyib ki, əgər bu ölümlər təsdiqlənsə, onda NATO-nun Liviya üzərinə hücum kampaniyasına böyük zərbə dəyə bilər.

Kosaçev deyib ki, bu, BMT mandatının (hökm) pozulması və Liviyanın daxili işlərinə qarışılması hesab ediləcək.

Rusiyanın RİA-Novosti xəbər agentliyi bildirib ki, Qəddafinin 1982-ci il təvəllüdlü kiçik oğlu Saif əl-Ərəb hərbçi deyildi və aspiranturada təhsil alırdı.

Bu da xəbər verilir ki, NATO zərbələrindən Qəddafilərdən başqa onların qonaqları da həlak olublar. BBC

Mənbə

edit