Wn/az/Bu gün Vikipediyanın yarandığı gündür

< Wn‎ | az
Wn > az > Bu gün Vikipediyanın yarandığı gündür


15 yanvar 2020, Çərşənbə

Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.

Lent.az xəbər verir ki, Vikipediya onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. Vikipediya bu gün dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir.

ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş Vikipediya bu gün internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. Vikipediyaya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər.

Vikipediyanın yaratdığı geniş imkanlardan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da istifadə edir. AMEA-dan verilən məlumata görə, bu məqsədlə akademiyanın Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” Metodik Mərkəzi yaradılıb, mərkəzin qarşısına virtual ensiklopediyanın müxtəlif layihələri üzrə fəaliyyət göstərmələri üçün bir sıra vəzifələr qoyulub. Belə ki, hazırda mərkəzin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri və müxtəlif elm sahələri haqqında məqalələrin yaradılması prosesi uğurla davam etdirilir. “Vikipediya” Metodik Mərkəzi, həmçinin Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi həqiqətlərini, müasir reallıqlarını, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin viki-mühitdə yerləşdirilməsinin təşkilində yaxından iştirak edir.

Mənbə edit