Yəmənin şimal-qərbində yerləşən Saada şəhərində avtobusun bombardman edilməsi nəticəsində azı 29 uşaq həlak olub, 30 uşaq isə yaralanıb.
Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bəyanatında həlak olan uşaqların yaşlarının 15-dən az olduğu bildirilir.
Yəmən Səhiyyə Nazirliyinin nümayəndəsi Yusif əl-Haderi Tvitter səhifəsində Saada şəhərinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən bombardman edilməsi nəticəsində 40-dan artıq insanın öldüyünü, 60 nəfərdən çoxunun isə yaralandığını yazıb.
Ərəb koalisiyası isə öz bəyanatında zərbənin avqustun 9-na keçən gecə Səudiyyə Ərəbistanının Cizan şəhərinə raket atan husilərin buraxılış qurğusuna endirildiyini bildirib.
Bir qədər əvvəl ərəb koalisiyası Yəmən ərazisindən krallığın cənubunda yerləşən Cizan şəhəri istiqamətində buraxılan ballistik raketin məhv edildiyi barədə məlumat yaymışdı. Onların sözlərinə görə, Hava Hücumundan Müdafiə qüvvələrinin havada zərərsizləşdirdiyi raketin fraqmentlərinin yerə düşməsi nəticəsində 1 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları, digər tərəfdə isə hökumət qüvvələri və prezident Mansur Hadiyə sadiq könüllülər iştirak edir.
Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən bombardmana məruz qalır.