Wn/az/Xınalıq dilində Vikipediyanın açılması üçün META-ya müraciət olundu

< Wn‎ | az
Wn > az > Xınalıq dilində Vikipediyanın açılması üçün META-ya müraciət olundu


2 mart 2012, Cümə

Bu xəbər Vikimedia Fondundan, ona aid olan bir layihədən və ya onunla əlaqəli insanlardan bəhs edir. Vikixəbər də bir Vikimedia Fondu layihəsidir.

2012-ci ilin mart ayının 1-də Xınalıq dilində Vikipediyanın açılması üçün META-ya müraciət olunmuşdur[1]. Müraciəti Azərbaycandilli Vikipediyanın aktiv istifadəçisi və eyni zamanda idarəçisi olan Cekli829 etmişdir. ISO 639 kod sisteminə görə, Xınalıq dilinin dil kodu kjj-dir[2].

Xınalıq dili azərbaycanlıların tərkib hissəsi olan, aborigen 7 Şahdağ xalqından biri - xınalıqlıların danışdığı dildir. Hazırda bu dildə 1500 nəfərdən çox adam danışır[3]. Bu dili xınalıqlılar "Kətiş dili" (azərb. xınalıq dili) adlandırırlar. Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir[4]. Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yalnış informasiya vermir.

İndiyə kimi bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr getmişdir.

Kətiş dilini bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Nax-Dağıstan dil ailəsinə aid edirlər. Digər mütəxəssislər isə bu dili Ural dil qrupuna aid edirlər. Bundan öncə mütəxəssislər bu dili Qafqaz-Şahdağ dil qrupuna aid edirdilər. Bu sahədə lingvistik tədqiqatlar davam edir. Lakin bütün mütəxəssislər razılaşırlar ki, bu dil ən qədim dil ailəsinə məxsus dillərdən biridir. Alimlər belə bir maraqlı mülahizə də irəli sürürlər ki, Xınalıq dili Qafqaz Albaniyasının tərkib hissəsi olan tuti tayfalarının dili ilə yaxınlıq təşkil edir[5].

Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır. O, 1950-1954-cü illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirmiş və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc etmişdir[6]. Yunus Deşeriyevin yazdığına görə eramızdan əvvəl III minillikdə Qafqazda vahid qədim dil mövcud idi. Sonradan dillər bölünməyə başlandı, amma xınalıq dili günümüzə qədər dəyişməz olaraq qaldı.

Xınalıq dili mürəkkəb morfoloji struktura malikdir. 1972-ci ildə "Xınalıq dilinin qrammatikasının fraqmentləri" kitabı nəşr olunmuşdur[7].

Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Yegənə fərq Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz zamanı danışıq dili fərqlənir.

Bu dildə ismin 18 halı vardır. Kətiş dilinin rus və ingilis dillərində lüğət kitabları çap olunmuşdur. Hələ xınalıqca-azərbaycanca lüğət tərtib edilməmişdir. Kətiş dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Kətiş dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənirlər. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

İstinadlar edit

  1. Requests for new languages/Wikipedia Khinalug
  2. Documentation for ISO 639 identifier: kjj
  3. Ethnologue report for Khinalug
  4. Xınalıq dili. xinaliq.az
  5. Teymur Bünyadov. "Əfsanələr diyarı", "Azərbaycan" jurnalı. № 2, Bakı, 1987, səh. 150.
  6. Дешериев Ю. Д. Грамматика хиналугского языка. М.: Издательство АН СССР, 1959.
  7. Кибрик А. Е., Кодзасов С. В., Оловянникова И. П. Фрагменты грамматики хиналугского языка. М.: МГУ, 1972.