“Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesində Qarabağ separatçılarının iştirakının vacibliyi ilə bağlı Nikol Paşinyanın sözlərində yeni heç nə yoxdur, köhnə bayatıdır”. Bu barədə Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov Amerikanın Səsinə bildirib. Ermənistanın yeni baş nazirinin bugünkü fikirlərini şərh edən Musabəyov deyib ki, “Paşinyanın sözlərinin heç bir əhəmiyyəti yoxdur”.
“O, boş yerə danışır. Onun xarici siyasətlə məşğul olacaq komandası, adamı yoxdur”.
Ermənistanda hələ 2-3 ay keçid hökuməti olacaq və Qarabağ nizamlanması üzrə danışıqlarda Ermənistanı təmsil etməyi bacaran məsuliyyətli siyasətçilər olmayacaq.
Digər tərəfdən, Ermənistanda xaos davam edəcək, Rusiya ilə ziddiyyətlər dərinləşəcək. Azərbaycan vəziyyətin inkişafına hazır olmalıdır.
“Təbii ki, indiki şəraitdə Bakı separatçıların danışıqlar masasına qayıtmasına heç vaxt razı olmayacaq”, R.Musabəyov qeyd edib.
Onun fikrincə, Ermənistan Silahlı Qüvvələri işğal edilmiş ərazilərdən çıxandan sonra Bakı Qarabağ separatçıları ilə onların statusuna dair dialoqa gedə bilər. Öz növbəsində politoloq Hikmət Hacızadə hesab edir ki, N.Paşinyan Qarabağ nizamlanmasına real yanaşma nümayiş etdirmir. İndi o, populist çıxışlar edərək nə istəyir danışa bilər.
“Hazırda ona elə gəlir ki, Qarabağı da alacaq, Araratı da Türkiyədən alacaq, Rusiyanı yerinə oturdacaq. Ancaq tezliklə hansı labirintə düşdüyünü anlayacaq. Hələ qarşıda onu Rusiya ilə münasibətləri aydınlaşdırmaq, oliqarxlarla məsələni həll etmək gözləyir”, H.Hacızadə qeyd edib.