Wn/az/Fransa prezidenti Nikolya Sarkozi Cənubi Qafqaz ölkələrinə səfər edib

< Wn‎ | az
Wn > az > Fransa prezidenti Nikolya Sarkozi Cənubi Qafqaz ölkələrinə səfər edib


8 oktyabr 2011, Şənbə

Oktyabrın 7-də Fransa prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Nikola Sarkozinin təkbətək görüşündə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından danışılıb.

Prezidentlər iki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fransa və Azərbaycan prezidentləri Bakıda Fransız Liseyinin təməlini qoyub. Dövlət başçılarının yalnız təməlqoyma mərasimindəki çıxışları barədə məlumat var. Mərasimdə Azərbaycan prezidenti Azərbaycan-Fransa əlaqələrinin bütün istiqamətlərindən danışıb və gələcəkdə əlaqələrin strateji xarakter daşıyacağını bəyan edib. Prezident Əliyev neft-qaz layihələrindən başlayaraq Dağlıq Qarabağ probleminədək məsələləri diqqət mərkəzinə gətirib. Amma, prezident Sarkozinin çıxışı əsasən mədəniyyət və təhsil sahələrini əhatə edib. O, 1944-cü ildə Moskvaya gedərkən Fransa generalı Şarl de Qolun Azərbaycanda bir gecə qalmasını belə yada salsa da Dağlıq Qarabağ problemi barədə bir kəlmə belə danışmayıb.

Fransa prezidenti həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif edib.

Fransa prezidenti Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağına ümid etdiyini Ermənistan prezidenti Serj Sarkisyanla birgə mətbuat konfransında deyib. O, bildirib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində erməni və Azərbaycan tərəfləri arasında danışıqların bərpası yeganə həll yoludur. “Görürük ki, bu problemlə bağlı sülhün bərqərarı üçün təmas nöqtəsinə nail olmaq lazımdır”.

O qeyd edib ki, Cənubi Qafqaz regionu kifayət qədər qeyri-stabildir və iki ölkənin inkişafı baxımından sülhə nail olunması vacibdir. Sonra o, yenidən Osmanlı imperiyasında erməni soyqırımı məsələsini qaldırıb və deyib ki, əgər Türkiyə bunu inkar etməkdə davam edərsə, Fransa erməni soyqırımının inkar edilməsinin kriminallaşması ilə bağlı qanunverici dəyişikliklər edəcək. 2011-ci ildə Fransa parlamenti Osmanlı imperiyasında baş vermiş erməni soyqırımını tanıyıb. Lakin soyqırımın inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunma barədə qanun layihəsini Senat hələlik qəbul etməyib. “Paris erməni soyqırımının tezliklə tanınması ilə bağlı Türkiyə cəmiyyətinin və hökumətinin müdrik yanaşmasını gözləyir. Soyqırımın tanınması ilə bağlı dünya ermənilərinin arzusunun reallaşmasının vaxtı çatıb. Ümid edirəm ki, bu, mənim prezidentliyim dövründə baş verəcək”, - deyə Sarkozi vurğulayıb.

“Əgər Türkiyə əsrin əvvəlində öz tarixinin qara səhifəsini etiraf etsəydi, Fransa və Ermənistan bunu sülh istiqamətində güclü jest və barışığa doğru böyük addım hesab edərdi. İnsanların əzabları, tarixi faktlar etiraf olunmadan davamlı barışıq ola bilməz”, - deyə o qeyd edib. “Əgər tez-tez öz cəsarətini nümayiş etdirən Türkiyə kimi böyük ölkə özündə güc taparaq buna gedərsə, Fransa üçün soyqırımı qanuni şəkildə tanımaq yetərli olardı”, - o vurğulayıb.

“Fransa Türkiyəyə ultimatum verə bilməz, bununla biz iki xalqın birləşməsinə yardım göstərə bilmərik. Lakin qərarın qəbul olunması üçün 1915-ci ildən bu yana çox vaxt keçib və Fransanın Türkiyə rəhbərliyinin addımlarına cavabı tez addımlar olacaq”, -deyə o bildirib.

Prezident Sarkozi Gürcüstana səfəri zamanı isə hər iki Cənubi Qafqaz ölkəsindən fərqli danışıb. Fransa prezidenti bu gün Gürcüstanda kifayət qədər sərt bəyanatlar verib və Fransanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Prezident Sarkozi Tbilisidə Azadlıq meydanında minlərlə insanın qarşısında çıxış edib. “Gürcüstanda geniş mənada inkişaf müşahidə olunur. Bu infrastrukturun modernləşməsi, təhlükəsizlik təmin olunmasında, əhalinin gəlirlərinin artmasında, polis və təhsil sistemində dərin islahatlar aparılmasında əksini tapıb. Ölkədə keçirilən islahatlar və aşkarlıq abxaz və osetin xalqlarını inandırmağa imkan verir ki, onların gələcəkləri gürcü xalqı ilə birlikdədir. Bu strategiyanın davamı olaraq Avropa İttifaqını inandırmağa imkan verir ki, Gürcüstan Avropa ölkəsidir. Mən deyirəm sizin ölkə Avropa ölkəsidir”, -deyə Nikola Sarkozi qeyd edib.

Prezident Sarkozi deyib ki, Fransa Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. “Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiya olmasına hüququ var və bu yolda kənardan heç kim mane olmamalıdır”.

Həmçinin bax edit

Mənbə edit