Wn/az/Cəfər Xəndanın oğlu Aqil Hacıyev vəfat edib

< Wn | az
Wn > az > Cəfər Xəndanın oğlu Aqil Hacıyev vəfat edib

14 fevral 2019, Cümə axşamı

Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev rəhmətə gedib.

Bakı Dövlət Universitetindən verilən məlumata görə, Aqil Hacıyev 10 avqust 1947-ci ildə anadan olub. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.

1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasını bitirib və həmin il namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb və kafedrada müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1982-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Filologiya fakültəsinin dekanı (1990-1992) vəzifəsində işləyib.

1987-ci ildən Yazıçılar Birliyinin üzvü, 1993-cü ildə Ankaradakı Türk Folklor Qurumunun fəxri üzvü, 2003-cü ildə Tiflis Beynəlxalq Sosial-iqtisadi Akademiyasının həqiqi üzvü və Sankt-Peterburq Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Müxtəlif illərdə Ali Attestasiya Komissiyasının eksperti, AAK-da Humanitar və ictimai şöbənin müdiri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Ekspert Şurasının sədri olub.

Mənbə

edit