Wn/az/Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü İntiqam Zairov iki il müddətinə diskvalifikasiya olunub

< Wn | az
Wn > az > Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü İntiqam Zairov iki il müddətinə diskvalifikasiya olunub

12 fevral 2019, Çərşənbə axşamı

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq üzvü İntiqam Zairov daha iki il müddətinə diskvalifikasiya olunub.

"Report.az" xəbər portalının verdiyi məlumata görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib. 34 yaşlı veteran idmançıdan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizi müsbət nəticə verib. Orqanizmində xlordehidrometil-testosteron maddəsi aşkarlanan təcrübəli ağırlıqqaldıranın 24 aylıq cəzası 23 dekabr 2023-cü ildən hesablanacaq.

İntiqam Zairov bunadək daha iki dəfə dopinqdən istifadəyə görə cəzalandırılıb. O, 13 aprel 2013-cü ildə xlordehidrometil-testosterondan yararlandığı üçün 2 illik sanksiya ilə üzləşib. 21 dekabr 2015-ci ildə isə orqanizmində xlordehidrometil-testosteron və nandrolon dekanoat tapılması səbəbindən o, 8 il müddətinə diskvalifikasiya olunub.

İntiqam Zairov dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün 2008-ci il Pekin Yay Olimpiya Oyunları və 2012-ci il London Yay Olimpiya Oyunlarında müvafiq olaraq, tutduğu 9-cu və 6-cı yerlərdən məhrum edilib. O, 2013-cü il Avropa çempionatında qızıl medal qazansa da, orqanizmindən istifadəsi qadağan olunmuş maddənin tapılması səbəbindən 2 illik cəzalanıb. Cəza müddətini başa vurduqdan sonra Zairov 2015-ci il dünya çempionatına qatılıb, amma bu dəfə təcrübəli ağırlıqqaldıran dopinq-testi müsbət nəticə verdiyi üçün 9-cu yerdən məhrum edilib. Onun "London-2012"dəki dopinq-testinin müsbət nəticə verməsi ilə əlaqədar cəza hələ açıqlanmayıb.

2017-ci il sentyabrın 30-da Azərbaycan Belarus, Ermənistan, Çin, Moldova, Qazaxıstan, Rusiya, TürkiyəUkrayna ilə birgə 1 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.

Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

Mənbə

edit